9 iyun tarixində 2022-ci ildə Azərbaycan Respublikası və Tacikistan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Tacikistanın xarici işlər nazirinin müavini Sodik İmomi ilə görüş keçirib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilir.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub.
Xələfov və İmomi ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Xələfov regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində işlərin aparıldığını, post-münaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üçün də yeni fürsətlər yaratdığını vurğulayıb.
Öz növbəsində, İmomi Azərbaycanın xüsusilə neft sənayesi və texnologiya parkları sahəsində öncül təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
“Həmçinin tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə