2022-ci ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 952,7 milyon və ya ÜDM-in 22,4%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $627,7 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında profisit 6,3 dəfə artıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, yanvar-mart aylarında neft-qaz sektoru üzrə profisit $5,5 milyard (artım 2,9 dəfə), qeyri-neft sektoru üzrə kəsir $1,5 milyard (artım 18,2%) təşkil edib.
2022-ci ilin birinci rübündə bir barel neftin orta qiyməti $86,5 (2021-ci ilin birinci rübündə $52,4) təşkil edib.
Yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi $10,8 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $5,4 milyard (artım 3,6 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 10,6%-i MDB, 89,4%-i uzaq xarici ölkələrin payına düşüb.
$8,1 milyard həcmində ixracın (artım 2,1 dəfə) strukturunda neft-qaz ixracı $7,4 milyard (artım 2,2 dəfə), neft və neft məhsullarının ixrac həcmi $0,1 milyard, o cümlədən neft ixracı $3,8 milyard, qaz ixracı $3,5 milyard təşkil edib.
$2,7 milyard həcmində idxalın (artım 16,8%) strukturunda $1,2 milyard istehlak mallarının, o cümlədən $433 milyon ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $121 milyon dəyərində (bütün idxalın 4,5%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-nin 15,2%-ni təşkil edib. Profisit neftin qiymətinin daha yüksək olması ilə şərtlənib (2021-ci ildə bir barel neftin orta qiyməti $66,8, 2020-ci ildə $40,8 təşkil edib). **
A.Əzizov