2022-ci ilin yanvar-may aylarında neft (kondensatla birlikdə)ixracı 11,4 milyon ton təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% azdır. Bu barədə Energetika Nazirliyi məlumat verir.
“İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazirliyinə istinadən məlumat verir ki, ixracın 10,7 milyon tona yaxın AÇG konsorsiumun, 696 tonu isə SOCAR-ın payına düşür.
2022-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 2,8% - İF). Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda 2,3 milyon ton neft emal olunub (azalma 14,8% - İF).
Nazirlikdən məlumat verilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2022-ci il tarixinədək 591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, “Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb. **
N.Abbasova