“Red Bull” komandasının meksikalı pilotu Serxio Peres Bakıda keçirilən Azərbaycan Qran-Prisi zamanı komanda yoldaşı Maks Ferstappeni irəli buraxmaqla bağlı qərarı düzgün hesab edir.
“Əfsuslar olsun ki, VSC zamanı aramızda anlaşılmazlıq baş verdi. Bir qədər bəxtimiz gətirmədi, əvvəlcə isə rezinimin dağılması çox yüksək idi. Buna görə bu gün Maks çox güclü oldu. Düşünürəm ki, Ferstappeni irəli buraxmaq qərarı düzgün idi, axı biz sonunda komanda üçün maksimum nəticə əldə etdik”, - “Çempionat” onun sözlərindən sitat gətirir.
Dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen Bakıda keçirilən “Formula-1” yarışları üzrə dünya çempionatının səkkizinci mərhələsində Azərbaycan Qran-Prisinin qalibi olub. Bu, onun cari mövsümdə 5-ci, karyerasında isə 25-ci qələbəsidir.
İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres, “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassel isə üçüncü yerdə qərarlaşıb.
Dünən “Formula-1” Azərbaycan Qran-Prisinin sıralama turunda ən yaxşı nəticə göstərərək poul qazanmış “Ferrari”nin pilotu Şarl Lekler ilkin məlumata əsasən, motorla əlaqədar problemlərə görə distansiyadan çıxmağa məcbur olub. Həmçinin, komanda yoldaşı Karlos Sayns eyni səbəbdən yarışı erkən tərk edib.
Maks Ferstappen 150 xal toplayaraq pilotların reytinq siyahısında liderliyini gücləndirib. İkinci yerə 129 xal ilə Serxio Peres yüksəlib, Şarl Lekler 116 xal ilə üçüncü yerdə qərarlaşıb.
Konstruktorlar Kubokuna “Red Bull” komandası 279 xal ilə liderlik edir, ikinci yerdə “Ferrari” komandası (199 xal), üçüncü yerdə isə “Mersedes” komandası (161 xal) qərarlaşıb. **