Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Rusiya Dövlət Dumasının deputatı, MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulini Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş əməllərdə ittiham edib.
Ağacanov bildirib ki, Zatulin 1-4 iyun tarixlərində Ermənistanda səfərdə olub.
“Səfərin məqsədinin "mövcud ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış olmaq" olduğu bildirilmişdi. Səfər çərçivəsində Zatulin separatçıların bütün keçmiş və indiki rəhbərləri ilə görüşüb. Sual olunur ki, Zatulin hansı məqsədlə onlarla görüşüb? Fikrimcə, bu, cənab Zatulinin qəsdən törətdiyi növbəti təxribatdır”, - deyə Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O hesab edir ki, əgər Zatulin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək istəsəydi, həmin şəxslərlə yox, Azərbaycanın Qarabağ bölgəsinin əhalisi ilə görüşərdi. Yəni Qarabağın erməni və azərbaycanlı əhalisinin nümayəndələrinin görüşünü təşkil edərdi.
“Zatulinin bu səfərindən isə belə qənaətə gəlmək olar ki, onun məqsədi onsuz da vəziyyətin gərgin olduğu regionda sabitliyi pozmaq olub. Ona görə də bu kimi səfərlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yalnız ziyan vurur. Zatulin və onun kimiləri anlamalıdırlar ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ləng və çətin də olsa, lazımi məcrada gedir. Bununla paralel olaraq Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası həyata keçiriləcək. Və bu cür ziyanverici səfərlər bölgədə Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyini dayandıra bilməyəcək”, - deyə Ağacanov vurğulayıb.*
Xəbərlər şöbəsi