I rübdə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $318,1 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,9 dəfə - $318,1 milyona qədər artıb. Turizm xidmətləri balansının kəsiri $75,5 milyon (artım 28,8%) təşkil edib”, - deyə AMB-dən cari ilin yanvar-mart ayları üzrə tədiyə balansına istinadən qeyd ediblər.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $196,8 milyon məbləğində turizm xidmətləri (artım 3,6 dəfə) göstərilib. “Bu məbləğin 82,9%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.
2022-ci ilin yanvar-mart aylarında xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 2,7 dəfə, ölkəyə turist axını 2,1 dəfə artıb.*
R.Əhmədov