2022-ci il mayın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2% artaraq 824,7 manat (cari məzənnə ilə $485,12) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 aprel 2022-ci il tarixinə ölkədə orta aylıq nominal əmək haqqı 809 manat ($475,9) təşkil edib.
2022-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 min nəfər və ya 1,4% artaraq 1701,3 min nəfər (aprelin 1-nə 1 milyon 702,8 min nəfər) olub.
Onlardan 904 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.*
E.Şəfiyev