Rusiya Federasiyasının regionları Azərbaycanla turizm, kənd təsərrüfatı, yanacaq-energetika kompleksi, sənaye və tikinti sahələrində əməkdaşlığın aktivləşdirilməsində maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"RF regionları Azərbaycanla əməkdaşlığı aktivləşdirmək istəyir. Xüsusilə Tatarıstan, Dağıstan, Çeçenistan, İnquşetiya, Həştərxan, Novqorod, Orenburq və Çelyabinsk vilayətləri, ilk növbədə, turizm, aqrar sənaye və yanacaq-energetika, sənaye və tikinti sahələrində ikitərəfli əlaqələrin inkişafında maraqlıdır”, - deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, öz növbəsində, Azərbaycan ölkəyə sərmayə qoyuluşunun artırılması üçün Rusiyanın Moskva, Sankt-Peterburq, Krasnodar və digər regionlarındakı aparıcı investorlarla görüşlərin təşkil edilməsində maraqlıdır.
Bundan başqa, Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiya” SC arasında “Sahibkarlığın inkişafı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi”nin və Anlaşma Memorandumunun imzalanması ilə bağlı razılaşma mövcuddur.*
A.Əzizov