“AzerGold” QSC Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə mədən partlatma və filiz süxurlarının daşıma, həmçinin inzibati kampın hazırlanması işlərinin həyata keçirilməsi üçün açıq tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, tender izrə işlərin dəyəri $3 milyonu ötür.
İştirak haqqı 1200 manatdır.
Telefon: +(99412) 505-02-02, əlaqələndirici şəxs – Aygül Tağıyeva, email - tender@azergold.az.
Tender təklifləri 1 avqust saat 15:00-dək qəbul olunur. Tender proseduru 2 avqust saat 15:00-da baş tutacaq.
“Azergold” “Tülallar” yatağında filiz hasilatına 2022-ci ildə başlamağı planlaşdırır. Hasil ediləcək filiz Daşkəsən rayonunda yerləşən Çovdar İnteqəolunmuş Regional Filiz Emalı Sahəsində hazırda inşa edilməkdə olan filiz emalı zavoduna göndəriləcək.
“Tülallar” yatağı 2002-ci ildə kəşf edilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova