Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 13-də BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid ilə görüşüb.
“Görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
A.Şahid Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.
Tərəflər Cənubi Qafqazda cari vəziyyəti və Azərbaycanın azad edilmiş ərazilərinin bərpası məsələsini də müzakirə ediblər.
“C.Bayramov bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini söyləyib”, - deyə məlumatda qeyd olunur.
BMT BA sədri Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.*
E.Şəfiyev