Səhiyyə naziri Teymur Musayev iyunun 13-də Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyətini qəbul edib.
T.Musayev cari ilin may ayında Türkiyəyə səfəri zamanı qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə tanış olduğunu diqqətə çatdırıb. “Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək bizim üçün olduqca faydalıdır”, - deyə nazir vurğulayıb.
Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran T.Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür. “Bu sahədə Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdir”, - deyə səhiyyə naziri vurğulayıb.
Öz növbəsində, DEİK-in nümayəndələri tibbi turizm, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.*
E.Şəfiyev