“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) iyunun 14-də keçirilməli olan səhmdarların ümumi yığıncağının vaxtı iyunun 30-na keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Səhmdarların ümumi yığıncağının vaxtı iyunun 30-na keçirilib. Eyni zamanda, yığıncağın gündəliyi dəyişməyib və aşağıdakı məsələlərdən ibarətdir: bankın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2021-ci ilin maliyyə nəticələrinə əsasən bankın səhmdarlarına dividendin ödənilməsi və bankın balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2021-ci il ərzində ABB-nin milli standartlar üzrə xalis mənfəəti 208 milyon 779.64 min manat (2020-ci illə müqayisədə artım 61,4% - İF) təşkil edib. Ötən il ərzində bankın BMHS üzrə xalis mənfəəti 139,592 milyon manat təşkil edib (2020-ci ilin göstəricisindən 22% azalma).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59%-dir. Bakın kapitalında dövlət payı 99,66% təşkil edir. **
R.Əhmədov