Azərbaycan prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.
“Minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir”, - prezident deyib.
Əliyevin sözlərinə görə, minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatında qələbəsi böyük əhəmiyyət kəsb edir, bu komanda idman növlərində ölkənin ilk böyük uğurudur.
“Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir”, - prezident bildirib. **
E.Şəfiyev