2017-2021-ci illərdə Azərbaycanda banklarən səhmdar kapitalına inyeksiya 1,8 milyard manat təşkil edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə Mərkəzi Bankın saytında dərc olunan 2021-ci il ərzində maliyyə sabitliyi hesabatında qeyd olunur.
AMB-nin məlumatına əsasən, 2021-ci ilin sonuna bank sektorunun məcmu kapitalı 4 milyard 531 milyon manat təşkil edib (2021-ci il ərzində artım 8,6% və ya 360 milyon manat - İF), həmçinin sektorun I dərəcəli kapitalı 3.8 milyard manat olub (2021-ci il ərzində artım 6,5%). ”Artımın əsas drayveri bankların bölüşdürülməmiş mənfəətidir (207 milyon manat). Eyni zamanda il ərzində 23 milyon manat yeni kapital inyeksiyası həyata keçirilib”, - bankdan vurğulanır.
2021-ci ilin sonuna kapital adekvatlığı əmsalı 19.1% olub (2020-ci ilin sonuna – 25,1%). bu da normativ tələbdən təxminən 2 dəfə çoxdur. «2021-ci ildə bu göstəricinin azalmasının əsas səbəbi, yeni requlyativ çərçivə əsasında istehlak kreditləri üzrə aktivlərin risk dərəcələrinin artırılması, həmçinin bazar və əməliyyat riskləri üzrə kapital tələbinin tətbiq olunması ilə əlaqədardır”, - bank qeyd edir.
AMB vurğulayır ki, 2021-ci ilin sonuna ölkədə fəaliyyət göstərən 26 bankdan 15-nin kapital adekvatlığı 20%-dən çoxdur, 4 bankda – 16-20% səviyyəsindədir, 6 bankda – 12-16% səviyyəsindədir, bir bankda – 12%-dən aşağıdır.
Bankın məlumatına görə, 2017-ci ildən etibarən 1.8 milyard manat kapital inyeksiyası həyata keçirilib. Nəticədə, son 5 ildə məcmu kapitalın həcmi 2 dəfədən çox artıb **
A.Əzizov