Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan dövlət başçısının saytına istinadən məlumat verir ki, Conson məktubunda alternativ enerji ehtiyatlarının təchizatçısı kimi Azərbaycanın rolunun qeyd edib. “(...) Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var”, - o bildirib.
Baş nazir öz məktubunda həmçinin vurğulayıb ki, Azərbaycanın azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzurun ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var.
“2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi”, - Conson qeyd edib. **
E.Şəfiyev