Azərbaycan Ermənistanla sülh razılaşması üzrə danışıqlar üçün komssiya yaradıb, danışıqlara başlamaq üçün İrəvandan da eyni addımlar gözləyir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır», - Əliyev cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, indi praktiki icraya keçmək zəruridir. “Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaq”, - Əliyev vurğulayıb. **
R.Əhmədov