Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov ölkələr arasında sənaye kooperasiyası məsələlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüşdə Manturov Rusiya ilə Azərbaycan arasında ticarətin müsbət dinamikasını qeyd edib. “2021-ci il ərzində ticarət dövriyyəsi 16% artaraq $3,3 milyarda çatıb. 2022-ci ilin yanvar-mart aylarında xarici ticarətin həcmi $690 milyon təşkil edib. Sənaye sektorunda əməkdaşlıq bir sıra istiqamətlər - gəmiqayırma, avtomobilqayırma, əczaçılıq, kimya sənayesi üzrə inkişaf edir. Energetika maşınqayırması sahəsində də yaxşı perspektivlər müşahidə edirik”, - deyə o vurğulayıb.
Tərəflər kənd təsərrüfatı maşınqayırması, avtomobilqayırma və aviasiya sənayesi (o cümlədən Azərbaycan FHN üçün) sahəsində kooperasiyanı müzakirə ediblər.
2019-cu ildə Azərbaycanda “Helikopterlərin təmiri və texniki xidməti üzrə servis mərkəzi”nin təməlqoyma mərasimi keçirilib. Mərkəzin infrastrukturunun tikintisi başa çatıb.
RF Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Azərbaycan bazarına hazır avtomobil məhsullarının da tədarükü davam edir. “Bu il Azərbaycana 50 ədəd son nəsil K5 KAMAZ-54901 magistral dartıcı tədarük edilib”, - deyə Manturov vurğulayıb.
Əczaçılıq sahəsində əməkdaşlığa toxunan tərəflər qeyd ediblər ki, hazırda Azərbaycan ərazisində istehsalın inkişafı ilə bağlı bir sıra layihələr uğurla davam etdirilir.*
R.Əhmədov