Cari ilin avqust ayında Tula vilayəti şirkətlərinin Azərbaycana biznes missiyası planlaşdırılır. Bu barədə vilayətin İxraca Dəstək Mərkəzinin rəhbərinin müavini Polina Nikitenko məlumat verib.
Rusiyanın Ticarət və Sənaye Nazirliyinin “Ticarət nümayəndəsi ilə bir saat” layihəsi çərçivəsində onlayn formatda keçirilən tədbirdə çıxış edən RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Tuladan olan iş adamlarına iki ölkə arasında xarici ticarət sahəsində əməkdaşlıq barədə danışıb, xarici ticarət dövriyyəsinin müsbət dinamikaya malik olduğunu qeyd edib.
O, həmçinin iki ölkə arasında azad ticarət sazişinə, sertifikatların sadələşdirilmiş təsdiqlənmə proseduruna, Azərbaycanda logistika infrastrukturunun inkişafına diqqət çəkib.
Ticarət nümayəndəsi hesab edir ki, Tula vilayəti Azərbaycana perspektiv ixrac istiqamətlərinin geniş spektrinə malikdir: qida məhsulları, metal konstruksiyalar, yüksək texnoloji avadanlıqlar.
Azərbaycan bazarına daxil olmağı planlaşdıran 10 Tula şirkəti istehsal etdikləri məhsulların təqdimatı ilə çıxış edib.*
B.Rüstəmbəyov