2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 min 116,7 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 min 494,9 kq gümüş (artım 21%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 iyun 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 244,3 kq, gümüş ehtiyatının həcmi 343,3 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
B.Rüstəmbəyov