2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 2 milyard 639,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 2 milyard 28,4 milyon manat məbləğində heyvandarlıq, 611,4 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 5,1% artıb.
Yanvar-may aylarında respublikada 220,1 min ton ət (artım 3%), 890,9 min ton süd (artım 1,9%), 824,8 milyon ədəd yumurta (artım 3%) və 32,7 ton barama (artım 2,9 dəfə), 12 min ton yun (azalma 2,2%) istehsal edilib.
Hazırda ölkədə yazlıq bitkilərin əkini davam edir.
Mayın 1-nə olan vəziyyətə görə, 382,6 min hektar sahədə (azalma 1,3%) yazlıq bitkilər, o cümlədən 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 29,3 min hektarı dən üçün qarğıdalı), 54,7 min hektar sahədə kartof, 64 min hektar sahədə tərəvəz, 20 min hektar sahədə bostan bitkiləri, 104,3 min hektar sahədə pambıq, 11,4 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru, 2,2 min hektar sahədə tütün, 55,3 min hektar sahədə çoxillik otlar, 1 min hektar sahədə birillik otlar və 1,3 min hektar sahədə digər yazlıq bitkilər əkilib.
Yanvar-may aylarında tarlalardan 54,7 min ton (14,2% az) taxıl, 195,5 min ton (6,7% çox) kartof, 326,2 min ton (2,7% çox) tərəvəz, 24,1 min ton (6,4% çox) meyvə və giləmeyvə, 372,6 ton (23,2% az) yaşıl çay yarpağı yığılıb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.*
X.Nəsirzadə