2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin sayı 16 min 812 nəfər və ya 0,2% artaraq 2022-ci il mayın 1-nə 10 milyon 173,178 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-aprel aylarında ölkə üzrə 40 min 36 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 0,8% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,2%, qızların xüsusi çəkisi isə 46,8% olub. Körpələrdən 1,144 mini əkiz, 60-ı üçəm doğulub.
Bu dövrdə 23 min 748 ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,2 təşkil edib. 2021-ci ilin yanvar-aprel aylarında bu göstərici 8 olub.
Cari ilin yanvar-aprel aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 18,506 min nikah (2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 25,2%) və 5,043 min boşanma halı (azalma 7%) qeydə alınıb.*
X.Nəsirzadə