Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanla sərhəddə döyüş mövqelərində olub. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb”, - nazirliyin məlumatnda deyilir.
Qeyd olunur ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Nazirliyin məlumatına əsasən, yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.
MN-dən bildirilir ki, Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. **
R.Kərimov