Azərbaycan hökuməti 2022-ci il dövlət büdcəsində hesablanmış bir barel neftin baza qiymətini $50-dən $70-dək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a məlumatlı mənbə bildirib.
“2022-ci il dövlət bücəsində bir barel neftin qiyməti $50 səviyyəsində hesablanıb. Parlamentə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi təqdim edilib, bu layihəyə əsasən xərclər və gəlirlər hissəsinin artırılması nəzərdə tutulur. Neft bazarlarında hazırki vəziyyət nəzərə alınmaqla, hökumət 2022-ci il dövlət büdcəsində hesablanmış bir barel neftin baza qiymətini $70-dək artırır, bu da dövlət büdcəsinin əlavə gəlirlərini təmin edəcək”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-may aylarında Azeri Light markalı bir arel neftin orta ixrac qiyməti $106,3 təşkil edib.
İyunun 20-də parlamentin profil komitələri tərəfindən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunacaq. **
A.Əzizov