Bazar günü Milli Məclisin spikeri Sahibə Qafarova İstanbul şəhərinə Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi konfransa yola düşür. Bu barədə şənbə günü “İnterfaks-Azərbaycan”a Milli Məclisdən məlumat verilib.
“İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək”, - parlamentdən qeyd ediblər.
Əlavə olunub ki, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər. Milli Məclisdən bildirilib ki, Qafarova konfransda çıxış edəcək. **
R.Kərimov