Cari ilin yanvar-may aylarında Bakı limanı ilə Özbəkistanın quru limanları arasında yük dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 70,5% artıb. Bu barədə şənbə günü “Bakı BeynəlxalqDənizTicarət Limanı” QSC Özbəkistan hökumətinin yüksək vəzifəli rəsmilərinin Bakı Limanının rəhbərliyi ilə görüşü zamanı məlumat verib.
QSC-nin məlumatına əsasən, cari ilin beş ayı ərzində yükdaşımaların həcmi 242 min tondan çox olub, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 70,5% çoxdur.
Əlavə olunub ki, Bakı Limanının ümumi yük daşınmasında Özbəkistanın payı 2019-cu ildə 5% idisə, 2021-ci ildə bu göstərici iki dəfə artıb.
Özbəkistanla aparılan yükdaşıma növlərinə təkərli nəqliyyat vasitələri, konteynerlər, quru yüklər, neft və neft məhsulları daxildir.
QSC-dən bildirilib ki, görüşdə Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika şirkətləri arasında mövcud əməkdaşlıq sahələri və strateji əlaqələr müzakirə edilib.
Bakı Limamından əlavə ediblər ki, Özbəkistan nümayəndə heyətinə investisiyalar və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov, Nəqliyyat nazirinin müavini Casurbek Çoriyev, “Özbəkistan dəmir yolları” SC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Akmal Kamalov, “Uztemiryulkonteyner” ASC-nin İdarə Heyətinin sədri Abdumalik Kamilcanov, Özbəkistanın Bakıdakı səfirliyinin, müxtəlif biznes şirkətlərinin nümayəndələri daxil olub. **
R.Kərimov