Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistan sərhədi yaxınlığında Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən hərbi obyektlərə baxış keçirib. Bu barədə bazar günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar”, - “İnterfaks-Azərbaycan” agentliyi nazirliyin məlumatına istinadən bildirir.
Məlumatda qeyd olunur ki, “azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub”.
Məlumat verilir ki, Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Nazirlikdən qeyd edilib ki, “müasir tələblər nəzərə alınaraq inşa edilən” anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
MN-dən yekunda vurğulanıb ki, tikinti işlərinin gedişatını yoxlayan Həsənov təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. **
R.Kərimov