Azərbaycan Müdafiə Nazirliyi bazar günü günorta saatlarında Azərbaycan-Ermənistan sərhədi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin snayper atəşinə tutulması barədə məlumat verib.
“İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub”, - məlumatda deyilir.
MN-dən bildirilir ki, bölmələrimiz tərəfindən “adekvat cavab tədbirləri” görülüb.
Öncə bazar günü Azərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarında və bazar gününə keçən gecə Azərbaycan-Ermənistan sərhədi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulması barədə məlumat verib.
“İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri (Azərbaycan-Ermənistan sərhədində - İF) istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub”, - məlumatda deyilir. **
R.Kərimov