Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru ilə (IGB) Bolqarıstana sınaq nəqlinə başlanıb. Bu barədə bazar günü Bolqarıstan milli radiosu xəbər verib.
KİV-ə əsasən, sınaq qaz nəqli iyun ayının sonunadək davam edəcək.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub – illik 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr.
2022-ci ilin mart ayının sonunda IGB-nin operatoru məlumat verib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) artıq Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.
IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq. **
R.Kərimov