Azərbaycan hökuməti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlayıb.
““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentə təqdim edilib. Bazar günü sənəd parlamentin profil komitələri tətrəfindən müzakirə olunacaq”, - “İnterfaks-Azəraycan”a parlamentdən məlumat verilib.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381,8 milyon manat və ya 8,9% - 29 milyard 197,8 milyon manatadək artırılması təklif olunur.
Dövlət büdcəsinin xərclərini 2 milyard 424.8 milyon manat və ya 8,1% - 32 milyard 303,8 milyon manatadək artırmaq təklif olunur.
Nəticədə, dövlət büdcəsinin kəsiri 43 milyon manat – 3 milyard 106 milyon manat vəya ÜDM-in 2,7%-i səviyyəsində artacaq (təsdiq olunmuş proqnozdan 0,8 f.b. az).
“Dövlət büdcəsinin parametrlərinin təkrar baxılması dünya bazarlarında neftin yüksək qiyməti, həmçinin ölkə rəhbərliyinin iqtisadiyyatın “ağlanmasına” yönələn tədbirləri nəticəsində gəlirlərin proqnozdan 3 milyard 574,3 milyon manat çox olması ilə şərtlənir. Nəticədə, neft sektoru üzrə əlavə gəlirlər 2 milyard 40 milyon manat, qeyri-neft sektoru üzrə - 3 milyard 574,3 milyon manat təşkil edəcək”, - agentliyə hökumətdən bildiriblər.
Digər tərəfdən, hökumətə ölkənin müdafiə qabiliyyətini möhkəmlətmək, azad edilmiş ərazilərin bərpası üzrə işlərin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təminatı üçün əlavə xərclər lazımdır.
Dövlət büdcəsinin təkrar baxılması nəticəsində neft gəlirlərinin xüsusi çəkisi 15 milyard 537,5 milyon manat və ya bütün gəlirlərin 53,2%-ni, qeyri-neft gəlirləri 13 milyard 660,3 milyon manat və ya 46,8%-ni təşkil edəcək.
Hazırda Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 740 milyon manat (təsdiq olunmuş plan həcmindən 33,1% çox) və ya dövlət büdcəsinin bütün gəlirlərinin 40,2%-i səviyyəsində, Dövlət Gömrük Komitəsi xətti ilə - 4 milyard 605 milyon manat (+8,1%) və ya 15,8%-i səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri ətrafında əlverişli vəziyyəti nəzərə alaraq Azərbaycan hökuməti ARDNF-dən büdcəyə transfertlərin həcmini bir qədər azaltmaq qərarına gəlib. Əgər ilkin olaraq 2022-ci ildə onların həcmi 12 milyard 710 milyon manat səviyyəsində təsdiq olunubsa, o zaman düzəlişlər layihəsinə əsasən, onların həcmi 9,4% - 11 milyard 517,5 milyon manatadək və ya bütün düdcə gəlirlərinin 39,4%-i azalacaq.
Qalan gəlirlər digər daxilolmaların payına düşəcək.
Xərclər strukturunda müdafiə və təhlükəsizlik sahəsinə əlavə 588,4 milyon manat, ölkədə layihələrin reallaşdırılması üçün dövlət kapital qoyuluşlarının artırılmasına – 1 milyard 291,1 milyon manat yönəldiləcək, buna azad edilmiş ərazilərdə layihələrə yönələcək 470 milyon manat daxildir. Daha 193 milyon manat ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlərin maliyyələşməsinin artırılmasına yönələcək.
Qalan xərclər digər maddələrin payına düşəcək.
Xəbər verildiyi kimi, 2022-ci il dövlət büdcəsində hesablanmış bir barel neftin baza qiyməti $50-dən $70-dək artırılır. **
A.Əzizov