31 dekabr 2021-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlaka ümumi investisiyaları $2 milyard 801 milyon 528,256 min həcmində qiymətləndrilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin sonuna ARDNF-nin xaricdə daşınmaz əmlakın alınmasına sərmayələrinin həcmi, cari hesablarda vəsaitlər daxil olmaqla $2 milyard 787 milyon 426,081 min həcmində qiymətləndirilib. Beləliklə, 2021-ci il ərzində Fondun xaricdə daşınmaz əmlaka ümumi investisiyalar 0,5% artıb.
Yatırmaların strukturunda xaricdə daşınmaz əmlaka birbaşa sərmayələr $742 milyon 779,397 min və ya 26,5%, birgə sərmayələr - $403 milyon 271,886 min və ya 14,4%, daşınmaz əmlak fondları vasitəsilə - $1 milyard 655 milyon 476,973 min və ya 59,1% təşkil edib.
Hesablama Palatasının məlumatına görə, 2021-ci il ərzində ARDNF-nin xaricdə daşınmaz əmlak alınmasına sərmayələri ümumilikdə $201 milyon 99,935 min (2020-ci ildə - $24 milyon 786,766 min) təşkil edib.
2021-ci ildə məzənnə fərqi nəzərə alınmadan ARDNF-nin daşınmaz əmlaka investisiyalar üzrə gəlirlilik 12,48% təşkil edib. Həmçinin, daşınmaz əmlaka birbaşa investisiyalar üzrə gəlirlilik 6,17%, daşınmaz əmlak fond investisiyaları üzrə gəlirlilik – 16,95%, birgə investisiyalar üzrə gəlirlilik – 6,65% təşkil edib.
“Daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiya aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yarandığı qənaətindəyik”, - Hesablama Palatasından qeyd edilib.
2012-ci ildən etibarən Fond London, Moskva, Paris, Milan, Seul, Tokioda daşınmaz əmlak alınmasına sərmayələr yatılrıb. Daha sonra Fond İtaliya və Cənubi Koreyada daşınmaz ımlakını satıb.
Bundan əlavə, ARDNF PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital, Blackrock Fund Managers Limited, Ares, GreenOak, Starwood, Angelo, Gordon & CO, FLE SICAV-FIS, Brookfield Asset Management, Charter Hall və Prologis tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya yatırıb.
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital, Gaw Capital Partners Blackstone, KIC və AroundTown fondları ilə birlikdə daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova