Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin müddətini 1 sentyabr saat 06:00-dək uzadıb.
“Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul saat 06:00-da sona çatırdı. Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejiminin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarına əsasən, bu müddət 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Eyni zamanda, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi iləbağlı bir sıra məhdudiyyətlər ləğv edilir.
“Xüsusilə, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi ləğv olunur. O cümlədən, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv edilir”, - hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, iyunun 20-nə olan vəziyyətə görə, yoluxma hallarının ümumi sayı 793 min 15-ə çatıb.
Ölənlərin ümumi sayı 9 min 716 nəfər təşkil edir. Virusa yoluxmuş 783 min 165 nəfər müalicə olunaraq sağalıb. Hazırda aktiv xəstə sayı 130 nəfərdir. **
N.Abbasova