2022-ci ildə Özbəkistan ilə Azərbaycan arasında yük daşımalarının həcmi 40% artacaq.
Bu barədə Özbəkistan baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovun Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı bildirilib.
“İnterfaks-Azərbaycan” agentliyi İnvestisiyalar və Xarici Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər iki dövləti birləşdirən logistika marşrutlarının genişləndirilməsi, qarşılıqlı və tranzit yük daşımalarının artırılması üzrə əməkdaşlıq yollarını nəzərdən keçiriblər.
İki ölkənin aparıcı nazirlik və idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə investisiya, ticarət, nəqliyyat və logistika sahələrində ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
İnvestisiya əməkdaşlığı və sənaye kooperasiyası sahəsi tərəfdaşlığın prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirilib. Qeyd olunub ki, hazırda Özbəkistanda Azərbaycan kapitalı ilə 238 müəssisə, Azərbaycanda isə 53 Özbəkistan şirkəti fəaliyyət göstərir.
Tərəflər toxuculuq, dəri-ayaqqabı, elektrotexnika, qida, kimya, zərgərlik və ipəkçilik sənayesi, avtomobilqayrma və tikinti materiallarının istehsalı sahələrində birgə investisiya layihələrinin sayının artırılmasında maraqlı olduqlarını bildiriblər.
Həmçinin ticarət dövriyyəsinin inkişafındakı müsbət meyillər də qeyd olunub. Xüsusilə 2021-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 40%-dən çox, 2022-ci ilin yanvar ayından iyun ayınadək 2 dəfə artıb.
“Görüşdə, həmçinin neft-kimya, kimya və elektrotexnika məhsulları, qara və əlvan metallardan hazırlanmış məmulatlar, ərzaq malları, avadanlıq və tekstil məhsullarının qarşılıqlı tədarükünün artırılması istiqamətində atılacaq birgə addımlar müzakirə edilib”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov