İyunun 20-də Daşkənddə keçirilən biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan iş adamları arasında $500 milyondan artıq məbləğdə ticarət müqavilələri imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyinə istinadən xəbər verir.
“Forumun yekunları üzrə birgə layihələrin həyata keçirilməsinə dair $500 milyondan artıq məbləğdə bir sıra sazişlər və ticarət müqavilələri, o cümlədən iki ölkənin müvafiq nazirlik və idarələri arasında əməkdaşlığa dair 10 saziş imzalanıb”, - deyə məlumatda bildirilir.
Forum zamanı Özbəkistan baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə iqtisadiyyatının istifadə olunmamış böyük potensialının və neft-kimya, kimya, elektrotexnika, toxuculuq, yeyinti, əczaçılıq, zərgərlik, avtomobilqayırma və digər sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi üçün zəmin olduğunu qeyd ediblər.
Umurzakov və Cabbarov vurğulayıblar ki, “iki ölkə arasında iqtisadi əməkdaşlığın ardıcıl surətdə şaxələndirilməsi Özbəkistan və Azərbaycan istehsalçılarına yeni əlavə dəyər zənciri yaratmağa və birlikdə üçüncü ölkələrin bazarlarına çıxmağa imkan verəcək”.
Bundan başqa, qeyd olunub ki, iki ölkənin ərazisindən qarşılıqlı və tranzit yük daşımalarının artırılmasının stimullaşdırılması üçün konkret tədbirlərin görülməsi nəqliyyat və logistika sahəsində Özbəkistan-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsinə xidmət edəcək.
Forum çərçivəsində “B2B” və “G2B” formatında keçirilən panel sessiyalarında Özbəkistan və Azərbaycanın iş adamları konkret layihə təklifləri əsasında işgüzar əməkdaşlığın perspektivlərini müzakirə ediblər.*
X.Nəsirzadə