2022-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 468,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, 2022-ci ilin 5 ayı ərzində Azərbaycana turist axını pandemiyadan əvvəlki dövrlə - 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə az olub.
Gələnlərin 24,8%-i Türkiyə, 24,7%-i Rusiya Federasiyası, 13,8%-i İran, 5,6%-i Gürcüstan, 3,7%-i Səudiyyə Ərəbistanı, 2,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Ukrayna, hər birindən 2,4% olmaqla Hindistan və Pakistan, 1,7%-i Qazaxıstan, 1,3%-i Küveyt, 1,2%-i Böyük Britaniya, 12,9%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 79,7%-ni kişilər, 20,3%-ni qadınlar təşkil edib.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54%-i hava, 44,2%-i dəmir yolu və avtomobil, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,5 dəfə artıb. Ölkə vətəndaşlarının 46,8%-i Türkiyəyə, 15,6%-i Rusiya Federasiyasına, 13,3%-i İrana, 8,2%-i Gürcüstana, 16,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,7%-ni kişilər, 33,3%-ni qadınlar təşkil edib.
“2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4%-i hava, 41,8%-i dəmir yolu və avtomobil, 2,8%-i isə dəniz nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə