Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 21-də Daşkənddə Heydər Əliyevin adını daşıyan küçənin və xatirə barelyefinin açılış mərasimində iştirak ediblər.
Ş.Mirziyoyev çıxışı zamanı ümummilli lider Heydər Əliyevə və bütün Azərbaycan xalqına hörmətini bildirib.
“Dərin rəmzi məna daşıyır ki, Sizin dövlət səfəriniz Azərbaycan xalqının ümummilli lideri, Özbəkistanın böyük dostu, hörmətli Heydər Əlirza oğlu Əliyevin şərəfinə onun adını daşıyan küçənin və burada qoyulmuş barelyefin təntənəli açılış mərasimi ilə başlayır. Tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi”, - deyə o vurğulayıb.
Özbəkistan lideri iki ölkə arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd edib.
Ş.Mirziyoyev İkinci Qarabağ müharibəsində tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Uzun illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm”, - deyə o vurğulayıb.
Özbəkistan Prezidenti bildirib ki, son illərdə Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib.
“Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib. Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək”, - deyə Ş.Mirziyoyev qeyd edib.
Öz növbəsində, İ.Əliyev deyib ki, bu, pandemiyadan sonra onun ilk xarici səfəridir. O, Heydər Əliyevin xatirəsinə göstərilən diqqət və qayğıya görə Özbəkistan Prezidentinə və özbək xalqına minnətdarlığını bildirib. “Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də bütün Azərbaycan xalqına hörmətdir”, - deyə Azərbaycan lideri vurğulayıb.*
E.Şəfiyev