İyunun 21-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub.
“İnterfaks-Azərbaycan” agentliyinin Özbəkistan liderinin saytına istinadən verdiyi xəbərə görə, dövlət başçıları Özbəkistan-Azərbaycan çoxplanlı strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
İkitərəfli əməkdaşlığın dinamik inkişafı məmnunluqla qeyd olunub.
Əliyev və Mirziyoyev, həmçinin qarşılıqlı ticarət dövriyyəsinin həcminin davamlı şəkildə artdığını qeyd ediblər. Birgə müəssisələrin sayı 4 dəfə artıb.
İki ölkə liderləri neft-qaz, qaz-kimya, toxuculuq, əczaçılıq, şərabçılıq və yeyinti sahələrində sənaye kooperasiyasının perspektivlərini müzakirə ediblər.
“Nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Multimodal nəqliyyat dəhlizlərinin inkişafının, yüklərin daşınma tariflərinin optimallaşdırılmasının vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilir.
Prezidentlər regionlararası əməkdaşlığın inkişafı, birgə işgüzar və mədəni tədbirlərin keçirilməsi, turist mübadiləsinin artırılması istiqamətində qarşılıqlı fəaliyyətin vacibliyini qeyd ediblər.
Bundan başqa, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, çoxtərəfli qurumlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər.*
X.Nəsirzadə