İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
Bundan başqa, 8 sənəd - “Əmək və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”, “Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində Anlaşma Memorandumu”, “Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”, “Hərbi sahədə əməkdaşlıq haqqında Saziş”, “Qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” və “Sənaye sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.*
E.Şəfiyev