Prezident İlham Əliyev Qarabağın bərpası işində qardaş köməyinə və işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.
“Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır”, - deyə dövlət başçısı Daşkənddə keçirilən geniş tərkibdə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan bu addımı çox yüksək qiymətləndirir.
“Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”, - deyə İ.Əliyev bildirib.*