Bakı və Daşkənd hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlavə addımlar atacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib”, - deyə dövlət başçısı bu gün Daşkənddə Özbəkistan Prezidenti ilə danışıqlar zamanı bildirib.
O qeyd edib ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq.
“Bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”, - deyə İ.Əliyev əlavə edib.*