2022-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 8,5% - 18 milyard 577,9 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayda bankların kredit portfeli 1,4% və ya 257,9 milyon manat artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin həcmi 673,7 milyon manat (hesabat dövründə azalma 6,4% - İF) və ya bütün kreditlərin 3,6%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Mayın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 634,4 milyon manat (artım 9%) və ya bütün kreditlərin 19,6%-i, özəl banklar tərəfindən 14 milyard 463,9 milyon manat (artım 8,5%) və ya bütün kreditlərin 77,9%-i həcmində kredit verilib. Qalan 479,6 milyon manat (artım 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyunun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 14 milyard 106,3 milyon manat (artım 11,1%) milli valyuta, 4 milyard 471,6 milyon manat (artım 1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 24,1% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 141,2 milyon manat (bütün kreditlərin 16,9%-i) ticarət və xidmət sahələrinin, 712,9 milyon manat (3,8%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 597,6 milyon manat (3,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 95,7 milyon manat (5,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 992,9 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 761,7 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 9 milyard 683,4 milyon manat (52,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-may aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 12,5% artıb (mayda artım 2,3% və ya 222,7 milyon manat təşkil edib).**
R.Əhmədov