Milli Məclisin çərşənbə günü keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi I oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, maliyyə naziri Samir Şərifov vurğulayıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381,8 milyon manat və ya 8,9% - 29 milyard 197,8 milyon manatadək artırılması təklif olunur.
Həmçinin, neft gəlirlərinin xüsusi çəkisi 15 milyard 537,5 milyon manat və ya bütün gəlirlərin 53,2%-ni, qeyri-neft gəlirləri 13 milyard 660,3 milyon manat və ya 46,8%-ni təşkil edəcək.
Şərifov qeyd edib ki, düzəlişlərə əsasən, aşağıdakı istiqamətlər üzrə 2 milyard 986 milyon manat məbləğində əlavə xərclər nəzərdə tutulur: Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkənin digər regionlarında nəqliyyat kommunikasiyaların təkmilləşdirilməsinə – 1 milyard 477 milyon manat, ölkənin müdafiə qabiliyyəti və dövlət təhülkəsizliyinin artırılmasına – 588 milyon manat, regionlarda İkinci Qarabağ müharibəsi zamanı zərər dəymiş yaşayış və qeyri-yaşayış obyektlərinin bərpasına – 34 milyon manat, əmək pensiyası, əmək haqqları və kompensasiyaların verilməsi daxil olmaqla, sosial müdafiə sahəsində maliyyə yardımı – 519 milyon manat, ərzaq təhlükəsizliyi sahəsində tədbirlər üçün əlavə ehtiyatlar – 193 milyon manat, sahibkarlığın dəstəklənməsinə - 163 milyon manat, kommunikasiya və kommunal xərclər – 42 milyon manat.
Nazirin sözlərinə görə, bu xərclər aşağıdakı əlavə gəlirlər hesabına təmin ediləcək: qeyri-neft – 1 milyard 351 milyon manat, neft – 848 milyon manat, xərclərin ayrı-ayrı maddələr üzrə vəsaitin təkrar bölüşdürülməsi – 561 milyon manat.
Bütövlükdə, düzəlişlər nəticəsində dövlət büdcəsinin xərcləri 2 milyard 424,8 milyon manat və ya 8,1% - 32 milyard 303,8 milyon manata qədər artacaq. Xərclər strukturunda 62,7% və ya 20 milyard 247 milyon manat cari xərclər, 31,8% və ya 10 milyard 265 milyon manat - əsaslı xərclər, 5,5% və ya 1 milyard 792 milyon manat – dövlət borcunun xidmətinə yönələn xərclər təşkil edəcək.
Maliyyə naziri əlavə edib ki, təkrar nəzərdən keçirilmiş makroqitisadi proqnozlara əsasən, hazırda 2022-ci ildə ÜDM-in nominal həcmi 115,4 milyard manat, həmçinin qeyri-neft ÜDM-in – 65,7 milyard manat, bir barel neftin orta illik ixrac qiyməti - $85, orta illik inflyasiya – 12.5% səviyyəsində proqnozlaşdırılır. **
X.Nəsirzadə