Danimarkanın “Vestas Northern & Central Europe” şirkəti Azərbaycanda külək turbinləri komponentlərinin istehsalını təşkil edə bilər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat verir ki, bu məsələ çərşənbə günü Bakıda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus ilə görüşündə müzakirə olunub.
“Tərəflər Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyə istinadən məlumat verir ki, Azərbaycanın əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə qarşı tərəfə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.
Danimarkanın “Vestas” şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpa olunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib. **
N.Abbasova