Azərbaycan hökuməti 2026-cı ilədək azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda qaz təchizatı məqsədilə qaz nəqli şəbəkəsi yaratmağı planlaşdırır.
Bu layihənin reallaşdırılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı ilə nəzərdə tutulur.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, Plana əsasən, ilkin mərhələdə Füzuli, Şuşa, Ağdam və Xocavənd rayonları üzrə 151,1 km qaz kəməri və 4 qazpaylayıcı stansiyanın quraşdırılması planlaşdırılır.
İkinci mərhələdə Füzuli, Şuşa, Ağdam, Xocavənd, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları üzrə 524,3 km qaz kəməri, 10 qazpaylayıcı stansiya və 4 qaztənzimləyici məntəqənin tikintisi nəzərdə tutulur.
2025-ci ildə sona çatacaq üçüncü və son mərhələ Füzuli, Şuşa, Ağdam, Xocavənd, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocalı, Ağdərə rayonları və Xankəndi şəhəri üzrə 611,6 km qaz kəməri, 10 qazpaylayıcı stansiya və 11 qaztənzimləyici məntəqənin tikintisini nəzərdə tutur.
Bundan əlavə, Plan 2027-ci ilədək azad edilmiş ərazilərdə qazpaylayıcı şəbəkənin qurulmasını nəzərdə tutur.
İlkin mərhələdə Ağdam və Füzuli şəhərlərində, ikinci mərhələdə - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Qoşasu (Laçın) və Kəlbəcər şəhərlərində qazpaylayıcı şəbəkə qurulacaq.
Üçüncü mərhələdə yuxarıda qeyd olunan 8 şəhər, 8 qəsəbə və 81 kənd üzrə qaz nəqli şəbəkəsi yaradılacaq. **
B.Rüstəmbəyov