Cümə axşamı Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçiriləcək. Bu barədə Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevAzərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə bəyan edib.
“İqtisadi münasibətlərin inkişafında Hökumətlərarası Müştərək Komissiyanın xüsusi əhəmiyyətini qeyd edən Babayev Komissiyanın iyunun 23-də keçiriləcək növbəti iclasının da bu məqsədə xidmət edəcəyini diqqətə çatdırıb”, - ƏƏSMN-nin məlumatında deyilir.
O vurğulayıb ki, ötən 30 illik dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edir və ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır.
Nazir qeyd edib ki, 2021-ci ildə Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsində 31,3%, bu ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artım olub.
O, enerji və nəqliyyat kimi strateji sahələrdə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsinin qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edəcəyini vurğulayıb.
Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası 23 noyabr 2018-ci ildə Buxarestdə keçirilib. **
R.Kərimov