Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda svop əməliyyatları davam etdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova məlumat verib.
Xəbər verildiyi kimi, 2020-ci ilin may ayında Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda COVİD-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə $200 milyon dəyərində svop müqaviləsi bağlayıb. Müqavilə çərçivəsində yerli şirkətlər milli valyutada AYİB-in maliyyə ehtiyatlarına çıxış əldə edəcəklər. Bu məbləğin müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə kiçik biznesə verilməsi planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə $18,2 milyon məbləğində svop əməliyyatları həyata keçirib.
“AMB ilə svop əməliyyatlarla bağlı razılıq qüvvədədir. Lakin AMB öz siyasətində dəyişiklikıər barədə bizi məlumatlandırıb, həmin dəyişikliklər barədə məlumat əldə edən kimi biz başqa layihə təqdim edəcəyik. İstənilən halda, istər AMB ilə, istərsə digər strukturlarla tərəfdaşlıqda svop kreditlərin ayrılması davam etdiriləcək”, - Mahmudova bildirib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,544 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 34 layihə daxildir və onların həyata keçirilməsinə 842 milyon avro ayrılıb (2022-ci il aprelin 30-nə olan vəziyyətə görə - İF-Az).**
E.Şəfiyev, A.Əzizov