Azərbaycan və RF nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsinə yönələn bir sıra hökumətlərarası sənədlər imzalamağı planlaşdırırlar. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə məlumat verib.
“Tərəflər arasında Rusiya-Azərbaycan dövlət sərhədindən keçməklə “Yaraq-Kazmalyar” (RF) – “Samur” (Azərbaycan) keçid məntəqəsi rayonunda Samur çayı üzərindən avtomobil körpüsünün istismar və xidmət göstərilməsi qaydası haqqında” Hökumətlərarası saziş layihəsinin razılaşdırılması prosesinin tamamlanmasının zəruriliyi barədə razılıq var, sənədin tezliklə imzalanması nəzərdə tutulur”, - agentliyin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və RF Nəqliyyat Nazirliyinə qısa müddətdə nəqliyyat və tranzit sahəsində Anlaşma Memorandumu layihəsini hazırlayaraq razılaşdırmaq tapşırılıb.
“Öz növbəsində, avtomobil nəqliyyatı üzrə qarışıq komissiya iclas keçirəcək, həmin iclas çərçivəsində icazə blanklarının mübadilə kvotasının artırılması məsələsinə baxılacaq”, - o vurğulayıb.
Onun sözlərinə görə, mövcud razılıqlara əsasəsən, Rusiya tərəfi üçüncü ölkələrə daşımalar üçün (İrana daşımalarım 50%-i) Azərbaycana 3 min ədəd icazə blankı təqdim edəcək. Öz növbəsində, Azərbaycan Rusiya tərəfinə tranzit daşımaları üçün 14 min ədəd icazə blankı və ikitərəfli və tranzit daşımalar üçün 5 min ədəd icazə blankı təqdim edəcək.
“Bundan əlavə, gələcəkdə kağız üzərində olan icazə blanklarını elektro formaya köçürməyə imkan verəcək, innovativ texnologiyaların istifadəsi vasitəsilə beynəlxalq yük avtomobilləri daşımalarının həyata keçirilməsi üçün icazə blanklarının mübadilə prosedurunun sadələşdirilməsi məsələsinin müzakirəsi gündəlikdədir”, - agentliyin həmsöhbəti əlavə edib. **
A.Əzizov