Rəsmi İrəvan Bakının sülh müqaviləsi imzalamaq təklifinə hələlik cavab verməyib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”, - Əliyev cümə günü Bakıda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib.
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşməsini müzakirə edərkən, Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq, İrəvan 2020-ci ilin noyabr ayının üçtərəfli Bəyannamədə nəzərdə tutulmuş kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşların Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılması üzrə hüquqi öhdəlikləri hələ də yerinə yetirməyib.
Bu mənada, Əliyev Cənubi Qafqazda sülhün bərqərar olması üzrə Moskva tərəfindən fəal səylərə ümidvar olduğunu bildirib.
“Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”, - Azərbaycan lideri vurğulayıb. **
X.Nəsirzadə