Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesinin süni şəkildə uzadılması özü ilə ciddi risklər gətirir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bu gün danışıqlarda (RF XİN başçısı ilə – İF) Cənubi Qafqazda münaqişədən sonrakı nizamlanmanı müzakirə etdik. Azərbaycan bu mövqedən çıxış edir ki, münaqişə (Ermənistanla – İF) keçmişdə qalıb və möhkəm sülh üçün əməkdaşlıq zəruridir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün tərəflər üçtərəfli sazişləri tam və qeyd-şərtsiz icra etməlidir. Danışıqlar prosesinin süni şəkildə uzadılması özü ilə ciddi risklər gətirir”, - deyə C.Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair brifinqdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, XİN başçısı qeyd edib ki, Azərbaycanın azad olunmuş ərazilərində intensiv bərpa işləri aparılır və ilk köçkünlərin qayıdışı gözlənilir.
C.Bayramov əlavə edib ki, onlarla Rusiya şirkəti azad edilmiş ərazilərdə layihələr həyata keçirmək üçün müraciət edib və təkliflər irəli sürüb.*
X.Nəsirzadə