Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsində Bakı və İrəvana məsləhət xidmətləri göstərməyə hazır olduğunu təsdiq edib.
“Rusiya tərəfi sərhədlərin delimitasiyası məsələsində məsləhət xidmətləri göstərməyə hazırdır”, - deyə S.Lavrov bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o, Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirib.
Nazir vurğulayıb ki, Ermənistan tərəfi sərhədlərin delimitasiyası prosesinə sadiqliyini təsdiq edib. “Biz indi görüşlərin tarixini müzakirə edirik. Ermənistan tərəfindən sərhədlərin delimitasiyası prosesinin çox vacib olduğunun təsdiqini almışam”, - deyə XİN başçısı bildirib.
O, Minsk qrupunun fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırdığını vurğulayıb.
Öz növbəsində, C. Bayramov qeyd edib ki, Azərbaycan 44 günlük müharibə zamanı BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Onun sözlərinə görə, müharibədən sonra ATƏT-in Minsk qrupu ilə təmaslar davam edib. “Həmsədrlərə təklif olunmuşdu ki, yeni vəziyyətlə (müharibədən sonrakı vəziyyət – İF) bağlı baxışlarını açıqlasınlar. Bundan sonra MQ ilə əlaqələr bir ilə yaxın davam edib, lakin onlardan heç bir təklif gəlməyib. ATƏT-in Minsk qrupunun fəaliyyəti bu yaxınlarda məlum səbəblərdən iflic olub. Danışıqlar prosesi formatın girovu ola bilməz”, - deyə XİN başçısı əlavə edib.*
X.Nəsirzadə