Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankin bildirib ki, beynəlxalq vəziyyət Azərbaycanın Rusiya və Avropaya ixracı artırması üçün bir fürsətdir.
“Bu gün biz çox ciddi geosiyasi vəziyyətlə üzləşmişik və bu, Azərbaycan iqtisadiyyatı üçün də qiymətlərin bahalaşması, logistikanın çətinləşməsi, tələbin azalması kimi çoxsaylı problemlər yaradır. Lakin istənilən halda böhran təkcə problemlər deyil, həm də imkanlardır. İndi mən Azərbaycan iqtisadiyyatı üçün yeni logistika marşrutlarının axtarışı, malların Avropa və Rusiya bazarlarına ixracı ilə bağlı çoxlu imkanlar görürəm”, - deyə o, bu gün Bakıda keçirilən “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu” adlı biznes forumda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Pankin qeyd edib ki, QDTİB Azərbaycanda yeni istehsal güclərinin yaradılmasına kömək etmək üçün ölkənin biznes dairələri ilə işləməyə hazırdır.
“Azərbaycanın əsas strateji hədəfi iqtisadiyyatın şaxələndirilməsidir. Biz neft və qazdan asılılığın uzunmüddətli perspektivdə iqtisadiyyat üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik. Maliyyə vəsaitlərini yeni istehsal güclərinin yaradılmasına, dünya bazarında rəqabət qabiliyyətli məhsulların istehsalına yönləndirmək lazımdır. Bu, çox ciddi vəzifədir və düşünürəm ki, belə bir vəziyyətdə bank bu transformasiyanı təşkil etmək üçün Azərbaycanın biznes dairələri ilə işləyə bilər”, - deyə Pankin vurğulayıb.*
E.Şəfiyev